(İslami saytlara əsasən) Allah insanı muxtar (azad) xəlq etmişdir. İnsan həmişə həyat yolunda iki yol ayrıcına çatır. Bu, insanın dünya və axirət səadətidir. O, bu iki yol ayrıcında seçim edir. Bu cür şəraitdə haqq və batili, yaxşı ilə pisi, dost ilə düşməni tanımağın əhəmiyyəti böyükdür. Bunun üçün də aydın bəsirətə ehtiyac vardır. Quran bu bəsirəti təqvanın səmərəsi adlandırır. Təqva nədir? Təqva lüğətdə belə mənalandırılmışdır ki, nəfsi, ona ziyan gətirə biləcək şeylərdən qorumaqdır. Bəzən təqva qorxu ilə də mənalandırılır. Çünki, qorxu - təqvanın müqəddiməsidir. Ona görə də məcazi olaraq, bəzən təqvaya qorxu da deyirlər. Bu söz İslamdan əvvəl də ərəblər arasında var idi. Mənası da o idi ki, insan özü ilə qorxduğu şey arasında maddi bir şey qərar versin ki, onun təhlükəsindən uzaq olsun. Təqva - həmçinin dini və əxlaqi bir kəlmədir. İslam mənbələrinin bir çoxu bu kəlməyə söykənir. Təqva və ona oxşar sözlər Quranda 250 dəfə işlənmişdir. Əhli-Beyt (ə) məktəbində və əhli- təsənnün məzhəbinin hədislərində təqva haqqında çox bəhs edilmişdir. Təqvanın təsiri Quranda təqvanın təsiri haqda çox zikr edilmişdir. Bütün bunlar onu göstərir ki, təqvalı insan həm bu dünyada və həm də axirətdə səadətə çatacaqdır. Təqvanın təsirini üç hissəyə bölmək olar: birinci dəstədə o təsirlər vardır ki, dünyada təqva əhlinə nəsib olacaqdır. Məsələn ruzinin olması kimi. Allah buyurur: "Hər kəs Allahdan qorxsa, (Allah da) ona bir çıxış yolu qoyar. Və ona, gümanı getmədiyi yerdən ruzi verər”. ("Təlaq” 2-3).
İkinci dəstə odur ki, təqva əhli ondan axirətdə bəhrələnər. Məsələn təqva əhlinin kafirdən üstünlüyü kimi. Allah buyurur: "Kafirlər üçün dünya həyatı zinətlənmişdir və onlar iman gətirən şəxslərə məsxərə edirlər, halbuki təqvalılar Qiyamət günü onlardan üstündürlər. Allah, istədiyi şəxsə saysız-hesabsız ruzi verər”. ("Bəqərə” 212). Üçüncü dəstə təsir odur ki, həm dünyada və həm də axirətdə təqva əhlinə nəsib olar. Məsələn, işlərin asan başa gəlməsi kimi. Allah buyurur: "Hər kəs Allahdan qorxsa, Allah da onun günahlarını örtər və onun əcrini böyük edər”. ("Təlaq”, 5). Bu ayənin təfsirində deyilir ki, təqvasına görə dünya və axirət işləri onlar üçün asan olar. Təqvanın ən mühüm təsirlərindən biri də bəsirətdir. Quranda bir neçə ayə vardır ki, birbaşa və ya qeyri-müstəqil olaraq, təqva və günahdan paklığın bəsirətə təsirini bəyan etmişdir. Təqva ilə bəsirətin rabitəsi haqda Quranda gələn ayəyə işarə edək: "Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O, sizə (haqq ilə batili) ayırd edən bir (qüvvə) verər, sizin günahlarınızı örtər və sizi bağışlayar”. ("Ənfal”, 29). Bu ayədə işlənən "furqan” kəlməsi etiqadda imanla küfrü ayıran mənasında işlənmişdir. Əməldə isə bu sözün mənası yəni itaətlə günahı bir-birindən ayıran şeydir. Həmçinin Allahın razılığı olan əməllər ilə Onun qəzəbinə səbəb olan əməlləri ayırd edən şeydir. Furqan rəy və nəzərlərdə isə düzgün düşüncələrlə yanlışları bir-birindən ayırmaqdır. Eyni zamanda furqan sözü bütün xeyirlərlə şərləri əhatə edir. Ona görə də deyə bilərik ki, haqq ilə batili ayırmaq mühüm məsələdir və bizim həyatımızın hər sahəsini əhatə edir. Çünki insan həyatı onun əqidələrinin, əməllərinin və fikirlərinin hasilidir. Quranda haqq ilə batil bəzən əqidə və fikir mənasında işlənir, məsələn "Loğman” surəsinin 30-cu ayəsində Allah Təala buyurur: "Bu ona görədir ki, Allah haqdır və Ondan başqa bütün çağırdıqlarınız batildir. Ancaq Allahdır ki, uca və böyükdür”. Bəzən də haqq ilə batil insan rəftarının zəminəsi kimi işlədilmişdir. Məsələn, "Əraf” surəsinin 139-cu ayəsi kimi: "Şübhəsiz ki, bunların tutduqları yol bərbadlıq yoludur və etdikləri əməllər batildir”. Bəsirət - Allah vergisidir, elm və məlumatdan asılı deyildir. Bəsirətin köməyi ilə insan haqqı batildən ayıra bilər. İnsan həyatı boyu bu iki yol ayrıcında olur və onlardan birini seçmək məcburiyyətindədir. İnsan əgər bilərəkdən və ya bilməyərəkdən batil yolu seçərsə, ziyan görəcəkdir. Çünki Quran buyurduğu kimi insana ancaq haqq xeyir gətirər. Nəticədə insan bu iki yol ayrıcında olanda bəsirətin zəruriliyini hiss edir. Təqva ilə bəsirətin rabitəsi Quranla yanaşı hədis, fəlsəfə və təcrübə elmində də bəyan edilmişdir. Şeytanın insanı yolunu azdırmaq üçün istifadə etdiyi üsullardan biri də budur. Belə ki, şeytan hər bir insanın nəzərində onun üçün dəyərli olan şeydən istifadə edir. Ona görə də dindar insanları yollarından azdırmaq üçün onların dinindən istifadə edir. Şeytan din libasını batilə geyindirir və bu yolla onları azdırır. Əgər dindar insan bu mənfur libasın batilin əynində olduğunu hiss etməsə, şeytanın tələsinə düşər. Burada da bəsirətin zəruriliyini iki qat hiss etmək olar. Müsəlmanların başına gələn hər bəla - istər fərdi olsun, istərsə də ictimai - onların həmin məsələdə bəsirətsizliyindən irəli gəlir. Bu yolla İslama dəyən zərbə kafirin vurduğu zərbədən yüz dəfə ağrılıdır. Tarixin ən qanlı hadisəsi olan Kərbəla hadisəsi də bəsirətsizliyin nümunəsidir. Kufə və onun ətrafından İmam Hüseynlə (ə) döyüşməyə gələn 30 min nəfər o insanlar idilər ki, illərlə Əmirəl-möminin (ə) minbərinin aşağısında əyləşmişdilər. Onlar guya ki, Allahın rizası üçün gəlmişdilər. Ancaq onların başçıları bilirdilər ki, nə xəbərdir. Çünki onlar hökumət üçün gəlmişdilər. Bu insanlar həqiqətdə haqq ilə batili bir-birindən ayırmaq qabiliyyətini əldən vermişdilər. Haqqın nümunəsini şəhadətə yetirmişdilər. Bu hadisədə batilin başçıları öz pis planlarına gözəl libas geyindirərək, müsəlmanlara təqdim etmişdilər. Və bu müsəlmanlar tarixdə elə bir hadisə törətdilər ki, heç kafirlər belə hadisə törətməmişdilər. Şeytan lənətlik and içmişdir ki, söz verdiyi günə qədər insanları yollarından azdırsın. O, insanı yolundan azdırmasa, ondan əl çəkməz. Ona görə də hətta müsəlmanlara belə tövsiyə edilmişdir ki, daxili və batini düşmənlərindən qorunsunlar. Hədislərdə təqva barədə Bir çox hədislər vardır ki, təqva ilə bəsirətin rabitəsini bəyan edir. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Əgər şeytanlar insan qəlbinə hakim olmasaydı, onlar varlıq aləminin batininə nəzər sala bilərdilər”. Bəzən də hədislər qeyri-müstəqil formada bu məsələni bəyan edirlər. Belə ki, İmam Əli (ə) buyurur: "Hər kim havayi-nəfsinin ardınca gedər, onu kor və kar, zəlil və yolunu azmış edər”. Hafiz deyir: "Bəsirət - təqva ağacından hasil olan meyvədir”. Fəlsəfə elmi təqva barədə Filosoflar bu fikirdədirlər ki, insanın ağıl qüvvəsi iki növ düşüncə məhsuluna malikdir. Bu nəzəri və əməli düşüncələrdir. Nəzəri düşüncələrə təbiət elmləri, riyaziyyat və İlahi fəlsəfə daxildir. Bu elmlərdə ağlın işi - həqiqətlər haqqında hökm çıxartmaqdır. Məsələn bir şey haqqında ağıl hökm çıxarır ki, bu belədir, yoxsa belə deyildir. Filan təsiri var, yoxsa yox. Ancaq əməli düşüncə - əxlaqi üsullardır. Yaxşı və pis, gözəllik və çirkinlik, olmalılar və olmamalılar və başqaları - əməli düşüncələrdir. Bu həmin düşüncələrdir ki, əmr edir filan işi görəsən, yoxsa yox. Təqvanın bəsirətə gətirib çıxartmağı - əməli düşüncəyə aiddir. Yəni insan təqva vasitəsilə dərdini və əlacını tanıyır. Bəziləri bu işi çətin hesab edirlər, bu da ona görədir ki, onlar bəsirəti nəzəri düçüncə səviyyəsində məhdudlaşdırıblar. Belə ki, təqva nəzəri düşüncəyə təsir qoymur. Hazırladı: Məşhədi Xanım/deyerlere istinaden//
|