Bir müsəlmanın əxlaqi və İslami tərbiyəsində təqvanın rolu böyükdür. Bu bəyənilmiş sifətə məhz Ramazan ayında malik olmağın ləzzəti daha başqadır. Allah Təalanın buyurmuşdur: "Ləlləkum təttəqun” – "Bəlkə təqvalı olasınız”. O zaman ki, əziz Peyğəmbər (s) şəbaniyyə xütbəsində orucun fəzilətlərini sayırdı, Əmirəl-möminin (ə) soruşur: "Ramazan ayında ən yaxşı əməl hansıdır?”. Həzrət Peyğəmbər (s) cavabında buyurur: "Günahlardan çəkinmək”. Deməli, oruc insanı günahdan uzaqlaşdırır və çəkindirir. Eyni zamanda üsyan edən nəfsə qalib gəlir. Oruc tutan insan İlahi vacibatı yerinə yetirməklə yanaşı, təqva ruhunu dirçəldir. Ona görə də Ramazan ayında oruc tutmaqla insanın nəfsi islah olar, təqvası güclənər. Oruc zamanı çəkdiyi aclıq, susuzluq və başqa əziyyətlər heyvani hisslərini yatızdırar. İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir: "Oruc bir hicabdır ki, oruc tutanı dünya bəlalarından qoruyar və axirət əzablarına mane olar. Ona görə o zaman ki, oruc tutmaq istəsən, niyyət et ki, nəfsi bütün nəfsani istəklərdən və şəhvətdən saxlaya biləcəksən. Çünki oruc zamanı bu günahlara batmaqla orucun savabında nöqsan yaranar və onun qəbul olmasına mane olar”. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, bir oruc tutan qadın başqa birinə nalayiq söz deyir və bu zaman Peyğəmbər (s) buyurur: "Bu qadına yemək verin ki, yesin”. Qadın Peyğəmbərə (s) deyir ki, orucdur. Həzrət buyurur: "Orucsansa, bəs niyə söyüş söyürsən? Oruc o demək deyildir ki, yemək yeməyib, su içməyəsən. Oruc tutan gərək bütün üzvləri ilə oruc tutsun. Pis rəftar və danışığa etiraz etsin. Şeytanın qəmlə dolu yolları ilə bağlarını kəssin”. İmam Sadiq (ə) buyurur: "Orucun faydası odur ki, nəfsin istəklərini məhv edir, çünki bütün fitnələrin və şərlərin mənbəyi mədədir. O zaman ki, mədə haramla dolu olur, batil xəyallar və istəklər nəfsə daxil olur”. Həzrət (ə) buyurur: "Əgər kimsə isti havada bir gün oruc tutarsa, susuzlayar, Allah min mələyi ona hakim edər ki, ona nəvaziş etsinlər. İftar vaxtı ona (Allahın rəhmətini və behiştini ) müjdə verər. (Bu zaman) Allah Təala buyurar: "Necə gözəl və ətirlidir sənin gözəl iyin və pak ruhun! Ey Mənim mələklərim, şahid olun ki, Mən onu bağışladım”. İmam Sadiq (ə) buyurur: "(Allah yolunda) ən gözəl cihad - isti fəsildə oruc tutmaqdır”. Necə ki, cihad edənlər düşmənlə vuruşan zaman suya ehtiyac duyurlar, ancaq su içə bilmirlər, oruc tutan da susuzluğa dözür. İslam Peyğəmbəri (ə) şəhvətlərini kontrol etmək üçün cavanlara belə bir tövsiyə vermişdir. "Ey cavanlar! Evlənin və nikah bağlayın. Sizlərdən evlənmə qüdrəti olmayanlar isə oruc tutsun. Çünki oruc kontrol edəndir”. Həmin Həzrət (ə) başqa bir yerdə buyurur: "O zaman ki, bir oruc tutan yemək yeyən cəmiyyətdə iştirak edər, üzvləri və əzaları Allaha təsbih edər. Allahın mələkləri ona salam verərlər. Allahın mələklərinin salamı onun üçün istiğfardır. O zaman ki, oruc tutursunuz, bütün fəsad və bəladan hifz olunarsınız”. Mömin hər bir əməli yaxşı şəkildə yerinə yetirməlidir. Yaxşı əməlin qarşılığı 700 dəfə çox savabla qaşılanar. İmam Sadiqə (ə) sual verirlər ki, ehsan nədir? İmam (ə) buyurur: "O zaman ki, namaz qılırsınız, rüku və səcdəni yaxşı yerinə yetirin. O zaman ki, oruc tutursunuz, orucunuzu fasid edəcək hər şeydən uzaq olun. O zaman ki, həccə və ümrəyə gedirsiniz, (haram maldan) çəkinin. Gördüyünüz hər əməl hər cür napaklıqdan uzaq olmalıdır. Günahdan saxlayan ən ali əməl isə orucdur”. Həzrət (ə) başqa yerdə buyurur: "Biz çox səbirliyik və bizim davamçılarımız bizdən də səbirlidirlər”. Hədisi nəql edən soruşur: "Fədan olum, sizin davamçılarınız sizdən necə səbirlidirlər?”. Həzrət buyurur: "Biz bildiyimiz şeylərə səbr edirik, bizim davamçılarımız isə bilmədiklərinə səbir edirlər”. Yəni İmam (ə) qarşısında gələn bəlanı görür və bu müsibətə dözməyin səbrinin səviyyəsini də bilir. Səbir edənlərin dərəcəsini də yaxşı bilir. Ancaq Əhli-Beyt (ə) davamçıları bu savabın səviyyəsini bilmədən belə Allahın hər bir imtahanına səbir edərlər. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurur: "Əgər kimsə bir gün müstəhəb oruc tutarsa, əgər yer üzünü qızılla doldurub ona versələr, onun haqqını ödəməzlər. Ancaq Qiyamət günü haqqı əda olar”. Allah Təala buyurur: "Adəm övladının hər bir əməli 10-dan tutmuş 700-ə qədər savaba bərabərdir. Ancaq səbir Mənim üçündür. Səbrin savabını Mən verirəm”. Deməli səbrin savabı Allah yanındadır və səbir həmin orucdur. Həzrət Səccad (ə) Qiyamət günü haqqında buyurmuşdur: "Qiyamət günü əvvəldən axıra qədər hamı cəm olar. Nida verən soruşar ki, səbir əhli haradadır? Onlar hesab vermədən behiştə daxil olarlar. İnsanlardan bir qrupu qalxar və hərəkət edər. Behişt yoluna yollanarlar. Mələklər onlardan soruşarlar ki, hara gedirsiniz? Deyərlər ki, behiştə gedirik. Soruşarlar ki, hesab verməmiş gedirsiniz? Deyərlər bəli. Soruşarlar ki, bəs siz kimsiniz? Deyərlər ki, biz səbir edənlərik. Soruşar ki, nəyə səbir etmisiniz? Deyərlər ki, Allaha itaətə səbir etmişik. Günahdan gözümüzü bağlamış və Allahın haramından çəkinmişik. İbadət və onun çətinliklərinə o qədər dözmüşük ki, Allah bizi Özü ilə görüşə dəvət etsin. Mələklər deyərlər ki, bəli, dediyiniz şeyləri etmisiniz və behiştə daxil olun”. Bəli, oruc elə bir ibadətdir ki, insan onu vasitəsilə təqva əldə edər. Əxlaqı islah olar və dözüm və səbir əldə edər. Ehtiyacı olanları dərk edər və onların çəkdiyi əziyyətləri öz cismində hiss edər. Oruc insanı günahdan uzaqlaşdırar. Oruc tutan insanı qeybətdən, yalandan, böhtandan uzaqlaşdırar. Bədəni zərərli maddələrdən təmizlənər və sağlam bədənə malik olar. Xəstəliklərin bir çoxundan nicat tapar və bəzi xəstəliklərə də oruc vasitəsilə qalib gələr. İnsan orucdan həm bu dünyada faydalanar və həm də axirət savabına çatar. Onun savabını isə Allah verər. (Erfan)
Hazırladı: Məşhədi Xanım, /Deyerler.org/
|