Qeyd edək ki, müsəlmanlar ən mühüm ibadətlərini,
o cümlədən orucu və həcci, Fitr və Qurban bayramlarını hicri-qəməri təqviminə əsasən
yerinə yetirirlər. Ayın isə Günəşə və Yerə nisbətən vəziyyətindən asılı olaraq müxtəlif
səfhələri (ayın görünən xarici tərəflərindən hər biri) olur. Bu səfhələrdən biri
də hilaldır, yəni təzə aydır. Qurani Kərimdə deyilir ki, "(Ya Məhəmməd!) Səndən
hilallar barədə soruşurlar. De: Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir”.
İnsanlar vacib ibadətlərinə ayın hilalına əsasən əməl etmişlər: hilalı görəndə oruclarını
başa vurmuşlar. İki təzə ay arasında keçən müddət 29,5 orta Günəş gününə bərabərdir
ki, bu da bir ay edir. Qədim ərəblər bunu vaxt vahidi kimi götürərək bəzi
ayları 29, bəzilərini isə 30 gün qəbul etmişlər.
Ay ili biri 29, digəri isə 30 gün sürən 12 aydan
ibarətdir. Ay (qəməri) təqvimi də buradan yaranmışdır. Bu təqvimə əsasən ilin uzunluğu
354 gün sürür. Bütün müsəlman ibadətlərinin, bayram və mərasimlərinin vaxtı bu təqvimə
əsasən müəyyən edilir. Ay təqvimi Günəş təqvimindən 10-11 gün qısa olduğu üçün hər
bir müsəlman ibadətinin tarixi işlətdiyimiz Günəş təqviminə nisbətən 10-11 gün irəli
keçir. Ay təqvimində də tarixlər sabitdir, bu tarixlər
yalnız Günəş təqviminə nisbətən yerini dəyişir. Bizim Günəş təqviminə alışmış şüurumuz
haradasa qeyri-müəyyənlik görür. İslam bayram və ayinlərinin müxtəlif fəsillərə
təsadüf etməsində isə ilahi bir hikmət vardır.
Əxlaq alimlərinin yuxarıda qeyd olunmuş baxışı
bu barədə mövcud olan rəvayətlərdən alınmışdır. İmam Baqir (ə) ümumxalq kütləsinin
orucu barədə buyurur: «Oruc tutan şəxs dörd işdən çəkinərsə, onun gördüyü digər
işlər orucuna xələl gətirməz: Yemək, içmək, qadınlarla cinsi əlaqədə olmaq və başı
suya batırmaq.» İmam Sadiq (ə) xüsusi möminlərin orucu barədə buyurur: «Oruc olduqda
sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər
qarşısında oruc olmalıdır.» Həzrət Əli (ə) isə daha xüsusi möminlərin orucu barədə
belə buyurmuşdur: «Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və
özünü yeməkdən saxlamaqdan üstündür.»
Vacib olan oruclar
Vacib oruclar aşağıdakılardan ibarətdir: 1. Ramazan
ayının orucu; 2. Kəffarə orucu; 3. Qəza orucu; 4. Nəzir, əhd və and orucu; 5. Oruc
tutmaq üçün muzd alan şəxsin orucu; 6. Etikafın (məsciddə yerinə yetirilən üç günlük
ibadət) üçüncü gününün orucu; 7. Təməttö həccində qurbanlıq əvəzi üçün tutulan oruc.
Haram oruclar
Haram oruclar aşağıdakılardan ibarətdir: 1. Qurban
bayramı günü tutulan oruc; 2. Fitr bayramı günü tutulan oruc; 3. Minada olan şəxs
üçün təşriq günlərinin orucu; 4. Ramazan niyyəti ilə şəkk gününün orucu (bilinmir
şəbanın axırıdır, ya ramazanın əvvəli); 5. Susmaq orucu; 6. Gecə-gündüz tutulan
oruc; 7. Qadının ərin hüquqları ilə zidd olan müstəhəb orucu; 8. Övladın ata-ananın
əziyyətinə, narahatlığına səbəb olan müstəhəb orucu; 9. Xəstə şəxsin, orucun zərərli
olduğu şəxsin tutduğu oruc; 10. Müsafirin orucu (səfərə gedən şəxs, istisna olmuş
yerlərdən başqa).
Müstəhəb oruclar
Haram və məkruh olan günlərdən başqa ilin bütün
günlərində oruc tutmaq müstəhəbdir; amma bəzi günlərdə oruc tutmaq daha çox məsləhətlidir.
Həmin günlər aşağıdakılardan ibarətdir:
1. Hər ayın birinci və axırıncı cümə axşamı;
2. Hər ayın onundan sonra olan birinci çərşənbə günü; 3. Hər ayın 13, 14 və 15-ci
günləri; 4. Rəcəb və şəban aylarının bütün günləri, ya bu iki aydan bəzi günlər;
5. Novruz bayramı günü; 6. Zilqədə ayının 25-ci, 29-cu günü; 7. Zilhiccə ayının
1-dən 9-na qədər; 8. Qədire-Xum bayramı günü. (Zilhiccə ayının 18-i); 9. Məhərrəm
ayının birinci və ikinci günləri; 10. Məhəmməd Peyğəmbərin (s) mübarək doğum günü.
(Rəbiyul-əvvəlin 18-i); 11. Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gün.
(27 rəcəb)
Məkruh oruclar
Məkruh oruclar aşağıdakılardan ibarətdir:
1. Aşura gününün orucu; 2. Ərəfə günün orucu (Dua oxumağa mane olsa);
3. Ev sahibinin izni olmadan qonağın müstəhəb oruc tutması; 4. Övladın ata-ananın
icazəsi olmadan müstəhəb orucu
|