Ehtiyata əsasən, doqquz şey orucu batil edir:
1-Yemək-içmək; 2-Cima; 3-İstimna (istimna–spermanın
xaric olmasına səbəb olan müəyyən bir iş görmək); 4-Allah, Peyğəmbər (səlləllahu
əleyhi və alihi və səlləm) və onun canişinlərinin (əleyhimüs-salam) adından yalan
demək; 5-Qəliz tozu boğaza çatdırmaq; 6-Başını suya batırmaq; 7-Sübh azanına qədər
cənabət, heyz və nifas halında qalmaq; 8-Axıcı (maye) şeylərlə imalə etmək; 9- Bilərəkdən
qusmaq.
Orucu batil edən
işlərin hökmləri
1-Yemək və içmək
Bilərəkdən yeyib-içmək orucu batil edir –istər o şeyin
yeyilib-içilməsi adət olsun, çörək, su və s. kimi, istərsə də adət olmasın, ağac
yarpaqları kimi; istər az olsun, istərsə də çox; hətta əgər diş fırçasını ağzından
çıxardıb, yenidən ağzına qoyaraq rütubətini udsa, orucu batil olur. Amma əgər diş
fırçasının rütubəti az olduğundan ağzının suyunda aradan getsə, istisnadır.
Əgər yemək yediyi və yaxud su içdiyi halda sübh olduğunu
bilsə, ağzında olanları geri qaytarmalıdır. Əgər bilərəkdən udsa, orucu batil olar
və kəffarəsi də var.
Səhv və unutqanlıq üzündən yeyib–içmək orucu batil etmir.
Vacib ehtiyata görə, oruc tutan şəxs iynə, qida və dərman
kimi istifadə edilən sistemlərin vurulmasından çəkinməlidir. Lakin, bədən üzvünü
hissiz edən iynələrin vurulmasının eybi yoxdur.
Oruc tutmaq istəyən şəxsin sübh azanından qabaq dişlərini
fırçalaması və xilal etməsi yaxışıdır. Əgər dişlərinin arasında qalan yeməyin gündüz
udacağını bilsə, vacib ehtiyata əsasən, qabaqcadan onları fırçalayıb xilal etsin.
Belə etmədikdə, yemək udulsa, orucu sona qədər tutmalı və sonra qəzasını da yerinə
yetirməlidir.
Ağız suyunu udmaq–hətta əgər turşluq və s. kimi şeyləri
xəyala gətirməklə belə ağıza yığılsa, orucu batil etmir. Başdan, sinədən gələn suyu
(bəlğəm və burun suyunu), ağız fəzasına çatmadığı halda, udmağın eybi yoxdur. Amma
ağız fəzasına daxil olsa, ehtiyat-vacibə görə onu udmamalıdır.
Uşaq üçün yeməyi çeynəmək, yeməyin dadına baxmaq, ağızı
su və dərmanla yumaqla onlardan bir şey boğaza getməsə, orucu batil etmir. Əgər
ixtiyarsız olaraq boğaza çatsa, eybi yoxdur. Amma əgər əvvəldən ixtiyarsız olaraq
boğaza çatacağını bilsə, orucu batildir, qəza və kəffarəsi var.
Əgər insan dözülməz həddə susuzlanıb, xəstələnmək və
yaxud həlak olmaq qorxusu hiss etsə, zəruri olduğu qədər su içə bilər. Lakin, onun
orucu batil olur. Əgər ramazan ayı olsa, sonrakı günləri oruc tutmalıdır.
İnsan zəifliyə görə orucunu yeyə bilməz. Amma onun zəifliyi
dözülməz dərəcədə olsa və xəstələnmək qorxusu hiss etsə, orucunu yeyə bilər.
2-Cima
Cima (qadınla cinsi yaxınlıq), hərçənd dəllək kəsən yerə qədər daxil olsa və sperma
gəlməsə belə, hər iki tərəfin orucunu batil edir. Amma dəllək kəsən yerdən az daxil
olsa və sperma gəlməsə, oruc batil olmur. Əgər qeyd olunan miqdarın daxil olub-olmamasında
şəkk etsə, onun orucu düzgündür.
Əgər oruc olduğunu unudaraq cima etsə və yaxud heç bir
ixtiyarı olmadığı halda onu cimaya məcbur etsələr oruc batil olmaz. Lakin, cima
əsnasında (oruc tutması) yadına düşsə, yaxud daha bu işə məcbur olmasa, dərhal
(cima halından) çıxmalıdır. Əks təqdirdə, onun orucu batildir.
3-İstimna
Əgər oruc tutan şəxs özü ilə bir iş görüb, özündən sperma
xaric etsə, onun orucu batil olur. Amma (sperma) ixtiyarsız olaraq yuxuda və yaxud
oyaq olduğu halda gəlsə, oruc batil olmur.
Əgər oruc tutan şəxs gündüz yatacağı halda möhtəlim-
yuxuda spermanın xaric olacağını bilsə, yatması caizdir. Əgər möhtəlim olsa, orucuna
xələl gəlməz.
Əgər oruc tutan şəxs sperma gələn halda yuxudan oyansa,
onun qarşısını alması vacib deyil.
Oruc tutan şəxs möhtəlim olsa qusuldan qabaq sidik gəlməsi
üçün (hərçənd belə edəcəyi halda spermanın qalan hissəsinin kanaldan xaric olmasını
bilsə) istibra edə bilər. Hətta qusl etmiş olsa, bu işin onun orucu uçün bir zərəri
yoxdur. Amma, qalan sperma xaric olduqdan sonra yenidən qusl etməlidir.
Oruc tutan şəxs möhtəlim olsa və spermanın kanalda qaldığını
bilib qusuldan qabaq sidiyə getməsə və qusuldan sonra sperma gələcəyi halda, yaxşı
olar ki, qusuldan əvvəl sidiyə çıxsın, lakin bu (iş), vacib deyil.
Əgər oruc tutan şəxs spermanın çölə gəlməsi məqsədi
ilə istimna etsə, sperma gəlməsə belə, orucu batildir.
Əgər oruc tutan şəxs spermanın çölə gəlməsi qəsdi olmadan,
məsələn, öz arvadı ilə mazaqlaşsa və onun adəti bu qədər mazaqlaşmaqla ondan spermanın
çölə gəlməsi olmasa, orucu düzgündür. Lakin, əgər təsadüfən ondan sperma xaric olsa
orucunun eybi var. Əgər əvvəlcədən spermanın gəlməməsindən xatircəm olsa, istisnadır.
4-Allah, Peyğəmbər (s) və İmamların adından yalan danışmaq
Əgər oruc tutan şəxs Allah, Peyğəmbər (səlləllahu əleyhi
və alihi və səlləm) və o Həzrətin canişinlərinin (əleyhimüs-salam) adından demək,
yazmaq, işarə etmək və s. kimi işlərlə yalan desə, hətta əgər dərhal tövbə etsə,
vacib ehtiyata əsasən, orucu batildir. Başqa peyğəmbərlərin və həzrət Zəhranın
(əleyha salam) adından yalan danışmaq da eyni hökmə malikdir.
Əgər doğru və ya yalan olduğunu bilmədiyi bir hədisi
nəql etmək istəsə, gərək xəbəri deyən şəxsdən, yaxud qeyd etdiyi kitabdan nəql etsin.
Məsələn, filan ravi belə deyir və yaxud filan kitabda "Peyğəmbərin (səlləllahu əleyhi
və alihi və səlləm) belə buyrduğu nəql edilir”, deməlidir.
Əgər bir şeyin düzlüyünə etiqad bəsləyərək onu Allahın
və yaxud Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) adından nəql etsə, sonra
isə yalan olduğunu başa düşsə, orucu düzgündür. Əks təqdirdə, bir şeyi yalan bildiyi
halda Allaha və Peyğəmbərə nisbət versə və sonradan onun doğru olması məlum olsa
belə, onun orucunun eybi var.
Əgər başqasının quraşdırdığı yalan xəbəri bilərəkdən
Allaha və Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nisbət versə, orucunun
eybi var.
Əgər oruc tutan şəxsdən "Peyğəmbər belə bir şeyi buyurub
?” deyə soruşsalar və bilərəkdən "”Bəli” desə və Peyğəmbər (səlləllahu əleyhi və
alihi və səlləm) belə bir sözü buyurmadığı halda və yaxud "Yox” desə və Peyğəmbər
(səlləllahu əleyhi və alihi və səlləm) demiş olsa, onun orucunun eybi var.
Əgər şəriət hökmlərini nəql etdiyi zaman bilərəkdən
yalan danışsa, məsələn, vacib əməli qeyri-vacib, haramı halal desə və məqsədi onu
Allaha və Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nisbət vermək olsa,
orucunun eybi vardır. Lakin, məqsədi hökmü müctəhidə aid etmək olsa, haram iş görmüşdür,
amma orucu batil deyil. Məlumatsız halda şübhəli bir hökmü nəql edən şəxs də belədir.
5- Qəliz tozu boğaza çatdırmaq
Qəliz toz boğaza çatıb gilə dönüb, içəri getsə, orucu
batil edir. Belə olmadıqda, istər yeyilməsi halal olsun, un kimi, istərsə də haram,
oruc düzgündür.
Əgər külək və yeri süpürmək vasitəsi ilə qəliz toz qalxsa
və ehtiyatsızlıq üzündən boğaza çatsa, onun orucu batil olur (qabaqkı məsələdə qeyd
olunduğu kimi).
Bütün insanların hər bir halda siqaret və digər tütün
məmulatlarından çəkinmələri lazımdır və əlavə olaraq, bunlar, vacib ehtiyata əsasən,
orucun batil olmasına səbəb olur. Həmçinin, ehtiyata əsasən, oruc tutan şəxs qəliz
buxarı da boğazına çatdırmasın. Lakin, içi buxarlı olmasına baxmayaraq, hamama getməyin
eybi yoxdur.
Əgər oruc olduğunu unutsa, özünü gözləməsə, yaxud ixtiyarsız
olaraq toz və s. kimi şeylər boğaza çatsa, onun orucu batil olmur.
Tüstü və tozun boğaza çata biləcəyini ehtimal verdiyi
halda ehtiyat etməlidir, lakin, onun boğaza çatmayacağına yəqin və yaxud ehtimalı
varsa orucu düzgündür.
6-Başı suya batırmaq
Vacib ehtiyata görə, oruc tutan şəxs bilərəkdən, hətta
bədənin qalan hissəsi sudan çöldə olsa belə, başını tamamilə suya batırmamalıdır.
Amma bədəninin hamısı, başın isə bir hissəsi suyun altına batsa, lakin başın bir
hissəsi sudan xaric olsa, oruc batil olmaz. Başı gülab kimi mayelərə və başqa müzaf
sulara batırmaq, mütləq suyun hökmündədir.
Əgər əvvəlcə başın bir hissəsini, sonra isə o biri hissəsini
suya batırsa, orucu düzgündür. Lakin, bütün başını suya batırıb, yalnız saçıların
bir hissəsi çöldə qalsa, orucunun eybi var.
Boğulan bir nəfəri xilas etmək üçün başını suya batırmağa
məcbur olan şəxsin orucunun eybi var. Lakin, müsəlman bir şəxsi xilas etmək üçün
bu işi görmək vacibdir və sonradan qəzasını tutmalıdır.
Əgər dalğıclar başlarını papaqları ilə örtüb, onunla
suyun təkinə getsələr, orucları düzgündür.
Əgər oruc tutan şəxs ixtiyarsız olaraq suya düşsə, yaxud
onu suya atsalar və başı suyun altına batsa, yaxud oruc olduğunu unudub, başını
suya batırsa, orucu batil olmaz. Lakin, yadına düşsə, vacib ehtiyata əsasən, tez
başını sudan çıxarmalıdır.
Əgər bir şəxs oruc olduğunu unudub qusul niyyəti ilə
başını suya batırsa, oruc və quslu düzgündür. Əgər müəyyən bir vacib oruc tutduğunu
bilib, qusul üçün qəsdən belə bir iş görsə, vacib ehtiyata əsasən, həm orucun qəzasını
yerinə yetirməlidir və həm də yenidən qusl almalıdır.
7-Sübh azanına qədər cənabət halında qalmaq
Vacib ehtiyata görə, bilərəkdən sübh azanına qədər qusl
etməyən cənabətli şəxsin orucu batildir. Lakin, qusl etməyə imkanı olmasa və yaxud
vaxt az olsa, təyəmmüm etməlidir. Amma (qusul verməməsi) bilərəkdən olmasa, orucu
düzgündür. Heyz və nifas qanından təmizlənib, sübh azanına qədər qusl etməyən qadının
hökmü cənabət qusulunda qalan şəxsin hökmü ilə eynidir.
Cənabət halında qalmaqla orucun batil olması yalnız
ramazan ayına və onun qəzasına aiddir və başqa orucların batil olmasına səbəb olmur.
Əgər cənabətli olan şəxs ramazan ayında quslu unutsa
və bir neçə gündən sonra yadına düşsə, cənabətli olduğunu yəqin etdiyi həmin günlərin
qəzasını tutmalıdır. Məsələn, əgər üç, yaxud dörd gün cənabətli olduğunu bilmirsə,
üç günün orucunu qəza etməlidir və dördüncü günün orucunu tutmaq isə ehtiyat müstəhəbdir.
Ramazan ayının gecəsində qusul və təyəmmümün heç biri
üçün vaxtı olmayan bir şəxs, özünü cənabətli etsə, orucunun eybi var; ehtiyata görə,
qəza və kəffarəsini yerinə yetirməlidir. Həmçinin, qüsl üçün yox, yalnız təyəmmüm
üçün vaxtı olsa (qəza və kəffarəsini yerinə yetirməlidir).
Əgər, qüsl etmək üçün vaxtın olmasını düşünərək özünü
cənabətli etsə və sonra vaxtın az olduğunu bilsə, təyəmmüm etsə, orucu düzgündür.
Ramazan ayı gecəsində cənabətli olan bir şəxs yatacağı
halda sübhə qədər oyana bilməyəcəyini bilsə, yatmamalıdır. Əgər yatsa və sübhə qədər
oyanmasa, orucunun eybi var və vacib ehtiyata əsasən, qəza və kəffarəsini də yerinə
yetirməlidir. Lakin, oyanacağını ehtimal verdiyi halda yata bilər və ehtiyata əsasən,
ikinci dəfə oyananda yatmayıb, qusl etməlidir.
Ramazan ayının gecəsində cənabətli olan şəxs bilsə,
yaxud ehtimal versə ki, yatsa sübh azanından qabaq oyanacaq, bu halda oyanandan
sonra qusul alacağını qərara alsa və bu niyyətlə yatıb, azana qədər oyanmasa, orucu
düzgündür. Lakin qusul alacağını niyyət etməsə və ya tərddüd etsə ki, qusul edər,
ya yox, bu halda oyanmasa, orucunun eybi var.
Əgər belə bir şəxs yatıb oyansa və yaxud bilsə və ya
ehtimal versə ki, yatdığı halda sübh azanından qabaq qusul üçün oyana bilər və əgər
yatıb oyanmasa, ehtiyata görə həmin günün qəzasını tutmalıdır. Həmçinin, üçüncü
dəfə də yatıb oyanmasa, hökm eynidir. Lakin, bunların heç birində ona kəffarə vacib
olmur.
Möhtəlim olduğu yuxu birinci yuxu hesab olmur, lakin
o yuxudan oyanıb, ikinci dəfə yatsa, ikinci yuxu sayılır.
Gün ərzində möhtəlim olan şəxs tez qusul etməlidir,
lakin əgər qusul etməsə, onun orucunun eybi yoxdur.
Əgər ramazan ayında sübh azanından sonra oyanıb, möhtəlim
olduğunu görsə və bunun istər azandan qabaq, istərsə də sonra baş verdiyini bilsə,
yaxud şəkk etsə, orucu düzgündür.
Ramazan ayının orucunun qəzasını tutmaq istəyən bir şəxs sübh azanından sonra oyanıb
möhtəlim olduğunu görsə və sübh azanından qabaq möhtəlim olduğunu bilsə, əgər qəza
orucunun vaxtı az deyilsə, vacib ehtiyata əsasən, başqa bir gündə oruc tutsun. Əgər
qəza orucunun vaxtı azdırsa, məsələn, boynunda beş gün qəza orucu var və ramazan
ayının başlanmasına da beş gün qalırsa, həmin günü oruc tutsun və orucu düzgündür.
Əgər mübarək ramazan ayında sübh azanından qabaq heyz
və nifasdan pak olub qusul etməyə vaxtı olmasa, təyəmmüm etməlidir və orucu düzgündür.
Lakin, nə qusul və nə də təyəmmüm etməyə vaxtı olmasa, (orucunu tutmalı), sonradan
isə qusul etməlidir və orucu da düzgündür.
Sübh azanından sonra heyz və ya nifas qanından pak olan,
həmçinin gün ərzində, hətta qüruba yaxın bir vaxtda heyz və nifas qanı görən qadın
oruc tuta bilməz.
Əgər qadın sübh azanından qabaq heyz və yaxud nifasdan
paklanıb səhlənkarlıq üzündən qusl etməsə, vacib ehtiyata görə, orucu batildir.
Lakin səhlənkarlıq üzündən deyil, yalnız hamamın açılmasını və yaxud suyun isti
olmasını gözlədiyi üçün azana qədər qusul etməsə, təyəmmüm aldığı halda onun orucu
düzgündür.
Əgər istihazə halında olan bir qadın öz qusullarını
istihazə hökmlərində deyilən qaydalara uyğun olaraq yerinə yetirsə, orucu düzgündür.
Meyyitə məss edən şəxs və boynunda məss-meyyit quslu
vacib olan şəxs qusul almadan oruc tuta bilər. Hətta oruc halında da meyyitə məss
etsə, orucu batil olmaz, lakin namaz üçün qusul etməlidir.
8-Mayelərlə imalə etmək
Maye şeylərlə imalə etmək, hətta çarəsizlik üzündən
bir xəstəliyin müalicəsi üçün də olsa belə, orucu batil edir. Amma müalicə üçün
istifadə olunan qeyri-maye (şam kimi) eybi yoxdur. Ehtiyat vacibə əsasən, qidalanmaqdan
ötrü qeyri-mayelərin istifadəsindən çəkinmək lazımdır.
9-Qusmaq
Bilərəkdən qusmaq orucu batil edir. Hətta zəhərlənmədən
qurtulmaq, xəstəliyi dərman etmək və s. səbəbilə olsa belə, (orucu batildir). Lakin,
səhvən və yaxud ixtiyarsız olaraq qusmaq orucu batil etməz.
Əgər gecə bir şey yesə və bu yemək vasitəsilə gündüz
ixtiyarsız olaraq qusacağını bilsə orucu batil olmaz. Lakin, ehtiyat müstəhəbbə
görə bu işi görməməlidir. Bu işi gördüyü halda isə orucun qəzasını yerinə yetirməlidir.
Oruc tutan şəxsin zorla qusmağının qarşısını alması
vacib deyil, lakin, zərər və məşəqqəti olmadığı halda onun qarşısını alması yaxşıdır.
Əgər yemək qalığı, milçək və s. kimi bir həşarat ixtiyarsız
olaraq oruc tutan şəxsin boğazına getsə və çox aşağı getdiyindən çıxardılması mümkün
olmasa orucu düzgündür. Bacardığı halda onu çıxarmalıdır və onu çölə çıxarmaq orucuna
da heç bir zərər yetirməz. Əksinə, bu halda onu udsa, orucu batildir. Gəyirmək vasitəsi
ilə boğazından qusmaq hesab olunan bir şeyin gəlməsinə yəqin edən şəxs bilərəkdən
gəyirməməlidir. Lakin, yəqini olmadğı halda bunun eybi yoxdur və əgər geyirməklə
ixtiyarsız olaraq ağzına bir şey gəlsə onu çölə boşaltmalıdır və əgər onu bilərəkdən
udsa orucu batildir, lakin, ixtiyarsız olaraq udmağının eybi yoxdur.
Öncədən qeyd edilən doqquz şeyi səhvən və yaxud ixtiyarsız
olaraq yerinə yetirən şəxsin orucu düzgündür. Lakin, boynunda cənabət qüslü olan
şəxs yatıb, sübh azanına qədər qusl etməsə, orucunun əvvəldə izah etdiyimiz şəkildə
eybi var.
Oruc tutan şəxs səhvən orucu batil edən şeylərdən birini
yerinə yetirsə və orucunun batil olmasını düşünərək bilərəkdən bu işlərdən birini
yenidən təkrar etsə orucu batil olmaz, lakin ehtiyat müstəhəbbə görə, qəzasını tutmalıdır.
Əgər zorla bir şeyi oruc tutan şəxsin boğazına töksələr
və ya başını tamamilə suya batırsalar, orucu batil olmaz. Lakin, onu iftar etməyə
məcbur etsələr, məsələn, desələr ki, əgər yemək yeməsən sənin canını və malını təhlükədə
qoyarıq və o da təhlükəni sovuşdurmaq üçün yemək yesə, orucu batildir.
Vacib ehtiyata görə, oruc tutan şəxs boğazına zorla
nəyisə tökəcəkləri və ya onu iftar etməyə məcbur edəcəkləri yerə getməməlidir. Lakin,
belə bir yerə getməyi qəsd edib sonra fikrindən daşınsa və ya getdikdən sonra ona
yeməyə heç nə verməsələr, orucu düzgündür.
|