Qeyd edək ki, on bir ayın sultanı olan bu müqəddəs
ay özündə mənəviyyatın əvəzolunmaz dəyərlərini cəmləşdirib. Səbir, iradə möhkəmliyi,
yoxsullarla həmrəylik, bir tikə çörəyə möhtac olan insanlara əl tutmaq və başqa
bu kimi gözəl xüsusiyyətlər doğrudan da Ramazanın bəşər övladına əta etdiyi gözəlliklərdən,
saleh əməllərdəndir. Orucluq insanın səbrini və iradəni sınağa çəkir. Yəni Allah
bəndəsi halal olan şeylərdən müəyyən müddət ərzində imtina etməklə özündə səbir
və iradə yaradır. Heç şübhə yoxdur ki, halal olan şeylərdən könüllü imtina edən
insan haram əməllərdən çəkinmək üçün möhkəm iradəyə və fəaliyyətində güclü səbrə
sahib olur. Həzrət Rəsulullah (s) bu barədə buyurub: "Orucluq səbrin yarısıdır".
Bu bir ayda Yaradan bəndələrini ac saxlamaqla aclıq çəkənlərdən imkanlıları, toxları
xəbərdar edir. Onlara ac qalmağın necə də çətin olduğunu bildirir, imkansızların
vəziyyətini tanıtdırır. Baxmayaraq, insanlar elmdə böyük nailiyyətlərə sahib olublar,
ölkələr inkişaf etməkdədirlər, amma bəşər övladı yenə də bir çox problemlər borulğanındadır.
Həmin problemlərdən biri də dünyanın müxtəlif yerlərində minlərlə insanın aclıqdan
əziyyət çəkməsidir. Dünyada elə imkansız insanlar var ki, onların övladları bir
gecə qarnıtox, bir gecə isə qarnıac yatırlar. Bu baxımdan orucluq bəlkə də aclıq
və susuzluqdan heç vaxt əziyyət çəkməyən zəngin, var-dövlət sahiblərinə yoxsulların
hansı hisslər keçirdiyini yaşadır. Məhz bu səbəbdən orucluğun ən böyük ictimai faydası
onun varlılarla yoxsullar arasında həmrəylik yaratmasıdır. Sevimli Peyğəmbərimiz
(s) hədislərin birində güclü möminin Allah yanında zəif mömindən daha üstün və sevimili
olduğunu bildirib. Çünki güclü mömin həyatda daha aktiv dini və dünyəvi işləri həyata
yetirməkdə daha bacarıqlıdır. Lakin zəif mömin həyatda üzərinə düşən işlərin öhdəsindən
layiqincə gələ bilmir. Şübhəsiz ki, qüvvətli olmaq üçün ilk növbədə sağlamlığı qoruyub
saxlamaq lazımdır. İslam şəriətinin təyin etdiyi şəkildə oruc tutmaq isə hər bir
müsəlmana sağlamlığını qorumaqda kömək edir, müxtəlif xəstəliklərdən uzaqlaşdırır.
Bu isə orucluğun insanlara tibbi faydasıdır. Həqiqətən də Ramazanın, daha doğrusu,
bu müqəddəs ayda oruc tutmağın fəzilətləri danılmaz və əvəzsizdir. Qeyd etdiyimiz
kimi, oruc tutmağın əsas qayələrindən biri onun mənəvi faydasıdır. İlk baxışdan
belə görsənir ki, insan yalnız ac, susuz qalmaq üçün oruc tutur. Amma bu heç də
belə deyil. Həqiqətdə insanın nəfsi oruc tutur. Yaradan ona fürsət verir ki, bu
günlərdə haramdan uzaq olmaqla öz mənəviyyatına yetişsin. Rəbbimiz bu ayı bizə vacib
etməklə, elə bil ki, mənəviyyat aləminə daxil olaraq nəfsimizi paklaşdırmaq üçün
imkan yaradır. Nəfsin paklığı isə mənəviyyatın yarısıdır. Bir ay ərzində insan bacardıqca
öz nəfsini cilovlasa, bu növbəti aylarda da adət halına çevriləcək. İmam Cəfər Sadiq
(ə) buyurub: "Ən gözəl əməlləriniz odur ki, davamiyyəti var". Şübhəsiz
davamiyyətsiz əməllərin heç bir fəziləti yoxdur. Yəni o əməl gözəldir ki, nəticəsi
daim göz qabağında olur. Əgər insan bu ayda oruc tutub mənəviyyatını zənginləşdirə
bilibsə, növbəti aylarda da bu haləti özündə saxlamalıdır. Bəziləri düşünür ki,
namaz qılmaq, oruc tutmaq və sair bu kimi dini ibadətlər çətin əməllərdir və hesab
edirlər ki, Allah-taala bu kimi çətin ibadi əməllərin hamısını yalnız müsəlmanlara
vacib edib. Amma belələri hələ də başa düşmürlər, yaxud başa düşmək istəmirlər ki,
uca Yaradan nəyi məsləhət bilirsə, o insana xeyirdir. Digər tərəfdən, unutmaq olmaz
ki, Quran da, şəriət də, ümumiyyətlə, bütün dinlər də bu dünyanı rahatlıq və istirahət
dünyası deyil, zəhmət, əziyyət məkanı kimi tanıtdırır. Allah-taala digər səmavi
kitablar kimi Qurani-kərimdə də bizə işarə edir ki, bu dünya imtahan və çətinlik
dünyasıdır. Hətta rəvayətlər də var ki, bu dünya o birinin zəmisidir, tarlasıdır.
İnsan burda nə becərirsə, axirətdə onu da biçir. Bundan əlavə, gündə 17 rükət namaz
qılmaq, Ramazan ayında oruc tutmaq, uzaq Həcc ziyarətinə getmək və sair dini ayinləri
həyata keçirməyin müəyyən qədər çətinliyi olsa da, fəziləti hesabagəlməzdir. İbadi
əməllər məhz çətinliyinə görə ibadət əhli üçün şirinləşir. Doğrudan da həqiqi ibadət
əhli ətrafda baş verən haqsızlığa, ədavətə, ayrı-seçkiliyə, ədalətsizliyə qarşı
mübarizə əzmində olur. Bütövlükdə İslam dini, onun insanlara vacib buyurduğu ən
kiçik əməl belə, özündə bu gün bütün bəşəriyyətin ehtiyac duyduğu haqq, ədalət,
mənəviyyat, əxlaq, sevgi, xoşbəxtlik, firavanlıq və digər saysız-hesabsız xoş məramlar
əxz edir. Bəlkə də bu səbəbdəndir ki, bəzi qüvvələr İslamla üz-üzə gəlmək niyyətindədirlər
və bunu hər fürsətdə həyata keçirməyə çalışırlar. Hər bir müsəlman bəndə İslami
dəyərləri yaşatmaqla, buyurulan insani keyfiyyətləri özündə ehtiva etməklə həm ölkəsində
baş verən fəsadların qarşısını ala, həm də dininə qarşı yaranan təhlükəni asanlıqla
dəf edə bilər.
|