Bütün yetkinlik yaşına çatanlara hər il ramazan ayını
oruc tutmaq vacibdir. İnsanın Allah-taalanın
əmrini yerinə yetirmək məqsədi ilə sübh azanından qüruba qədər orucu batil edən
şeylərdən çəkinməsinə oruc deyilir. Oruc
ibadətlərdəndir və niyyətlə icra edilməsi lazımdır. Niyyətin dilə gətirilməsi və
yaxud qəlbdən keçirilməsi zəruri deyil. Əgər Allahın əmrini yerinə yetirmək məqsədi ilə sübh
azanından məğribə qədər orucu batil edən işlərdən çəkinsən kafidir. Ehtiyat
üçün, bu zamanın hamısında oruc olduğunu yəqin etməkdən ötrü bir az sübh azanından
qabaq, həmçinin bir az da qürubdan sonra orucu batil edən işlərdən çəkinmək yaxşıdır.
Mübarək ramazan aynının gecələrində sabahkı günün orucu
üçün niyyət etmək kafidir. Lakin, birinci gecədə bundan əlavə, bir ayın orucunu
niyyət etməsi yaxşıdır.
Niyyətin müəyyən vaxtı yoxdur. İnsan sübh azanına qədər istədiyi vaxtda niyyət etsə,
kafidir. Obaşdana durduğu zaman ondan, "Məqsədin nədir?” deyə sual edildikdə "Oruc
tutmaq istəyirəm” desə, kafidir.
Bütün gün uzunu müstəhəb orucun niyyətini etmək olar.
Hətta qüruba az bir vaxt qalmış olsa belə, orucu batil edən şeyləri yerinə yetirməyibsə,
müstəhəb oruc niyyəti edə bilər və onun orucu düzgündür. Əgər ramazan ayında niyyəti
unutsa və zöhr azanından qabaq yadına düşsə, tez niyyət etməlidir və orucu batil
edən şeyləri yerinə yetirməyibsə, orucu düzgündür. Lakin, zöhrdən sonra niyyət etsə,
(orucu) düzgün deyil.
Ramazan aynının oruclarından başqa, oruc tutmaq istəyən
şəxs onu müəyyən etməlidir. Məsələn, qəza, yaxud nəzir orucu tutduğunu niyyət etməlidir.
Lakin ramazan ayında sabah oruc tutacağını niyyət etsə, kafidir. Əgər ramazan ayının
olmasını bilməsə və yaxud bilib unutsa və ayrı orucu niyyət etsə, ramazan ayının
orucundan hesab olunar. Lakin, bilərəkdən ramazan ayında başqa orucu niyyəti etsə
(ramazan ayında başqa oruc tutmağın düzgün olmadığını bildiyi halda), onun orucu
batildir. Yəni, nə ramazan, nə də ayrı (orucdan) hesab olmaz.
Niyyət halında birinci, ikinci və s. günlərin orucunu
tutduğunu müəyyən etməsi lazım deyil. Hətta, əgər günü müəyyən etsə, məsələn, "ayın
ikinci gününün orucunu tuturam” desə və sonra məlum olsa ki, üçüncü gündür, onun
orucu düzgündür.
Əgər sübh azanından qabaq oruc niyyəti etsə və sonra
huşdan getsə, ya məst olsa və gün ərzində huşa gəlsə, heç bir xilaf iş görmədiyi
halda, vacib ehtiyata görə, o günün orucunu tamamlamalı və qəzasını da yerinə yetirməlidir.
Əgər ramazan ayı olduğunu bilmədiyindən, yaxud unutduğundan
oruc tutmasa və zöhr namazından sonra, yaxud zöhrdən qabaq iftar etmiş halda xəbər
tutsa, ramazan ayına ehtiram edərək qüruba qədər orucu batil edən şeylərdən pəhriz
etməli və ramazan ayından sonra həmin günün qəzasını tutmalıdır. Sübh azanından
qabaq həddi-büluğa çatan uşaq oruc tutmalıdır. Əgər azandan sonra həddi-büluğa çatsa
və orucu batil edən şeyləri yerinə yetirməyibsə, vacib ehtiyata əsasən, oruc tutmalı
və sonra qəzasını da yerinə yetirməlidir.
Ramazan ayının və yaxud başqa vacib orucun qəzası boynunda
olan şəxsin müstəhəb oruc tutması caiz deyil. Əgər unutqanlıq üzündən müstəhəb oruc
tutsa və zöhrdən qabaq yadına düşsə, niyyətini vacib orucla əvəz edə bilər. Lakin,
zöhrdən sonra yadına düşsə, orucu batildir.
Ölü bir şəxsin orucunu tutmaq üçün əcir olan şəxs özü
üçün müstəhəb oruc tuta bilər.
Mübarək ayın orucundan başqa bir oruc insana vacib olsa,
məsələn, müəyyən bir gündə oruc tutmağı nəzir edibsə, əgər bilərəkdən sübh azanına
qədər niyyət etməsə, orucu batildir lakin, bunu unutsa və zöhrdən qabaq yadına düşsə,
niyyət edə bilər.
Əgər müəyyən olmayan vacib oruc boynunda varsa (ramazan
ayının qəza orucu və yaxud kəffarə kimi) zöhrə qədər niyyət edə bilər. Yəni, orucu
batil edən şeyləri yerinə yetirmədiyi halda, zöhrdən qabaq niyyət etsə, orucu düzgündür.
Əgər ramazan ayında, zöhrdən qabaq kafir bir şəxs müsəlman
olsa və bu vaxta qədər orucu batil edən şeyləri yerinə yetirməyibsə, vacib ehtiyata
əsasən, oruc tutmalıdır və qəzası da yoxdur. Habelə, zöhrdən qabaq sağalan xəstə
orucu batil edən şeyləri yerinə yetirməyibsə, oruc niyyəti etməli və ehtiyat üçün
qəzasını da yerinə yetirməlidir. Əgər, zöhrdən sonra sağalsa, həmin günün orucu
vacib deyil, sonra yalnız qəzasını tutmalıdır. Yəvmuş-şəkdə, yəni insanın tərddüd
etdiyi gün - şaban ayının axırı və ya ramazan ayının ilk günü oruc tutmaq vacib
deyil. Əgər (yəvmuş-şəkdə) oruc tutmaq istəsə, şaban ayını niyyət etməlidir və yaxud
boynunda qəza orucu olsa, qəzanı niyyət etməlidir. Belə ki, sonradan ramazan ayı
olduğu məlum olsa (orucu) ramazan ayından hesab olar. Lakin, əgər gün ərzində (ramazan
ayı olduğunu) başa düşsə, tez öz niyyətini ramazan ayının orucu ilə əvəz etməlidir.
Əgər ramazan ayında, yaxud hər hansı müəyyən bir vacib orucda oruc tutmaq niyyətindən
dönsə və yaxud oruc tutub-tutmamasında tərddüd etsə, orucu batil olur. Həmçinin,
orucu batil edən bir şeyi yerinə yetirməyi niyyət etsə, məsələn, nəsə yemək qərarına
gəlsə, hətta yemək yeməsə belə, orucu batil olur. Əgər qərara gəldiyi zaman o əməlin
orucu batil etməsinə diqqət yetirməyibsə, istisnadır.
Müstəhəb və vaxtı müəyyən olmayan orucda ( qəza orucu
kimi), orucu batil edən şeylərdən birini yerinə yetirməsi qərarına gəlsə və yaxud
o işi yerinə yetirib-yetirməməsində tərddüd etsə, əgər (o işi) yerinə yetirməsə,
zöhrdən qabaq yenidən niyyət etsə, orucu düzgündür.
|