(İslami saytlara əsasən) Namazı tərk etmək mübarək dinimiz tərəfindən son dərəcədə mənfi bir əməl kimi pislənir. Namazın fəzilətləri və onun günahdan çəkindirdiyi haqda çox danışılmışdır. Elə insanlara rast gəlirik ki, namazı tərk edirlər və ya heç zaman namaz qılmayıblar. Ancaq zahirdə onların namaz qılanlar ilə heç bir fərqi yoxdur. Bəs onda namaz qılan ilə namazı tərk edənlərin fərqi nədir? Namazı tərk etmək - Allahın qoyduğu ən böyük vəzifəni yerinə yetirməmək və İlahi əmrdən çıxmaq deməkdir. Bu naşükürlük, İlahi nemətlərə küfr etmək, dinin sütununu dağıtmaq deməkdir. Çünki namaz - dinin əsas sütunudur. Halbuki, namaz elə bir ibadətdir ki, insanı haqqa tərəf yönəldir. Namaz qılmamaq bais olur ki, insanın həyatı bihudə və mənasız olsun. Namazı tərk etmək - insana həqiqi ləzzət bəxş edən halı tərk etməkdir. Ancaq bu cür insanlar deyə bilərlər ki, hansı ləzzət? Biz heç bir ləzzət hiss etməmişik. Ona görə də qılmırıq. Bəli, onlar ləzzəti hiss etmədiklərinə görə namaz qılmağa heç səy etmirlər. Gərək onların cavabında deyək ki, namazın ləzzətini hiss etmək üçün namazı davamlı olaraq qılmaq lazımdır. Qaydalarına əməl etmək lazımdır, ondan sonra onun ləzzət bəxş edib-etmədiyi haqda danışmaq olar O namaz ki, heç bir rəğbət bəsləmədən qılınar - onun nə faydası olacaqdır? O insanlar ki, həyatları boyunca ancaq maddiyyatın dalınca olublar, bilməlidirlər ki, ömür qaçır, tezliklə hamımız Allah evinin ziyarətçisi olacağıq. Əgər indi namaz qılmaq üçün vaxtınız yoxdursa, bir anlıq fikirləşin ki, sizə sual veriləndə ki, niyə namaz qılmırsınız, nə deyəcəksiniz? Yaxşı olar ki, biləsiniz, namaz qılmamağın nəticələri bədbəxtlik gətirər. Bu bədbəxtlik gətirən nəticələrə nəzər salaq: 1. Allah və Rəsulunun (s) amanından uzaq qalmaq. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, namazı bilərəkdən və səbəb olmadan tərk edər, Allah və Rəsulunun (s) amanından uzaq qalar”. 2. İblisin hakim olmasına səbəb olur. İmam Sadiq (ə) Həzrət Əmirəl-möminindən (ə) nəql edir ki, Rəsullah (s) buyurmuşdur: "Şeytan beş namazı vaxtında yerinə yetirən Adəm övladından daima dəhşətdədir və ondan fasilə saxlayar. Ancaq o zaman ki, namazı zay edər, ona cürəti çatar, onu böyük günahlara tərəf aparar”. Nəql edilir ki, dəli və hay-küylü bir qadın Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: "Ey Allahın Rəsulu! Dostlarına de ki, sizin yanınızdan getsinlər, sizinlə işim var”. Səhabələr gedirlər və qadın Peyğəmbərin (s) xidmətində əyləşir və deyir: "Ya Allahın Rəsulu! Çox böyük günaha batmışam”. Həzrət (s) buyurur: "Allahın rəhməti sənin günahından böyükdür”. O zaman sual verir: "Günahın nədir?” Qadın deyir: "Ərdə olmuşam və zina etmişəm. Haram nütfədən hamilə qalmışam. Uşaq dünyaya gəldi və onu sirkə küpündə boğub öldürdüm. Sonra da bu nəcis sirkəni insanlara satdım”. Peyğəmbər (s) onun bu günahlarının hökmünü bəyan edir və sonra buyurur: "Bilmək istəyirsənmi ki, bu quyuya niyə düşmüsən? Mən güman edirəm ki, sən əsr namazını qılmırsan”. 3. Yaxşı əməllərin məhv olması. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, namazını üzrsüz yerə tərk edər və onun vaxtı keçərsə, onun əməli məhv olmuşdur”. Peyğəmbər (s) buyurur: "Küfr və bəndəlikdən uzaqda olmaq - namazı tərk etməyə görədir”. 4. Bütün səma kitablarının, mələklərin və Peyğəmbərin (s) lənətinə məruz qalmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Namazı tərk edən insan Tövratda, İncildə, Zəburda və Quranda lənətlənir. Və o, Cəbrayilin, Mikayilin, İsrafilin və Muhəmmədin (s) dili ilə məlundur”. 5. İslamdan başqa bir dində olaraq, ölmək. 6. Namazı tərk etmək küfrə bərabərdir. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, bilərəkdən namazını tərk edər - küfr etmişdir”. Əbid ibni Zərari deyir: "İmam Sadiqdən (ə) soruşdum ki, kəbirə günah hansıdır?”. O Həzrət (ə) buyurdu: "Əli ibni Əbi Talibin (ə) yazılarında kəbirə günah yeddi dənədir: Allaha küfr etmək, insan öldürmək, ata və anaya ağ olmaq, riba etmək, nahaq yerə yetimin malını yemək, cihaddan qaçmaq”. İmamdan (ə) soruşdum: "Yetimin malından bir dirhəm yemək böyük günahdır, yoxsa namazı tərk etmək?” Həzrət (ə) buyurdu: "Namazı tərk etmək”. Dedim: "Ancaq siz namazı tərk etməyi kəbirə günah hesab etmədiniz?” Həzrət (ə) buyurdu: "Sizə dediyim ilk kəbirə günah hansı idi?” Dedim: "Allaha küfr etmək.” Buyurdu: "Həqiqətən namazı tərk edən kafirdir”. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, namazı bilərəkdən və səbəbi olmadan tərk edər, Allah və Peyğəmbərin (s) amanından uzaq olar”. 7. Əgər namazı iqamə edənlər olmasaydı, namaz qılmayanlar həlak olardılar. İmam Sadiq (ə) buyurur: "Həqiqətən, Allah bizim namaz qılan Əhli-Beyt (ə) davamçılarının vasitəsilə namaz qılmayan Əhli-Beyt (ə) davamçılarına gələn bəlaları dəf edər. Ancaq əgər hamı namazı tərk etsəydi, hər an hamı həlak olardı”. 8. Allah namazı tərk edənləri lənətləyir. Həzrət Əli (ə) buyurur: "Allah o kəsə lənət et ki, bilərəkdən namazı tərk edər”. 9. İslamı və müsəlmanları tərk etmək. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, namazı tərk edənə yemək və ya paltarla yardım edər, sanki yetmiş peyğəmbər öldürmüşdür. Onların birincisi Adəm (ə) və axırıncısı Muhəmməddir (s)”. 10. Axirətdə ziyana çatmaq. Əbid ibni Zərarə deyir: "İmam Sadiqə (ə) "Hər kəs imanı (və İslamın əsaslarını) inkar etsə, əməli mütləq boşa çıxar və o, axirətdə ziyana uğrayanlardan olar” ("Maidə” 5) ayəsinə görə sual verdim və o Həzrət (ə) buyurdu: "Namazı tərk etməkdir, o namazı ki, ona etiraf etmişdir”. 11. İslamdan bəhrələnməmək. İmam Sadiq (ə) buyurur: "Namazı tərk edən - İslamdan bəhrələnməz”. 12. Dinin aradan getməsi. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, əməldə namazı tərk edər, dinini məhv etmiş olar”. Nəticə: Deyilən hədislərə əsasən dəqiq demək olar ki, namaz qılanları uğursuz bir aqibət gözləyir. Bu məsələdən də gərək qafil olmayaq ki, bizlərin bir çoxu ömrümüzün çox hissəsini boş şeylərə sərf edirik. Belə ki, onları yerinə yetirmək və ya tərk etmək bizə nə maddi, nə də mənəvi fayda gətirər. Bəs onda vaxtımızın az bir hissəsini alan və maddi və mənəvi həyatımıza təsir qoyan namazdan niyə qafil oluruq? Hazırladı: Məşhədi Xanım,
/Deyerler.org/
|