Qədim döyüşlərdə, adət üzrə bir kəndi, ya şəhəri fəth etsəydilər, düşmən qoşununun kişi və qadınlarını əsir edərək bazarlarda qul kimi satardılar. İmam Zamanın (ə) anası – Həzrət Nərgiz (ə) çox iffətli, pak və möhtərəm bir qadın idi. O, döyüş əsirləri ilə birgə şərqi Rumdan (indiki Türkiyə ərazisindən) İraqa gətirilmiş qızlardan idi. İmam Hadi (ə) oğlu imam Həsən Əsgərinin (ə) (on birinci İmam (ə) və Həzrət imam Zamanın (ə) atası) onunla ailə qurması üçün Həzrət Nərgizi (ə) aldı. Bu evlənmə nəticəsində 255-ci hicri ilində, şaban ayının 15-də, Samirra şəhərində nurani bir övlad, yəni Həzrət imam Zaman (ə) dünyaya gəldi. Dünya indi həmin şəxsin vücuduna bağlıdır və o qeyb pərdəsi arxasındadır. Bir gün gələcək, dünya onun rəhbərliyi və nəzarəti altında ədalət, məhəbbət və səfa-səmimiyyətlə dolacaqdır. İndi isə diqqət yetirin, imam Zamanın (ə) anası Nərgiz Xatun (ə) (Həzrət Nərgizin (ə) əsil adı Məlika idi. Sonralar Nərgiz və Siqəl də adlandırılmışdır.) kimdir və imam Həsən Əsgərinin (ə) evinə necə gəlib çıxıb? Nərgiz (ə) – İsanın (ə) vəsisi Şəmunun nəvəsi İmam Zamanın (ə) anasının adı "Məleykə” (Məlika) idi. O, ata tərəfindən şərqi Rum imperatorunun oğlu Yəşuanın qızı, ana tərəfindən isə Şəmunun nəvəsidir. Şəmun Həzrət İsanın (ə) yaxın sirdaşlarından və onun vəsisiydi. Məleykə sarayda, imperator ailəsində yaşamasına baxmayaraq, çox iffətli və pak bir qız idi. Elə bil ki, heç bu ailədə yaşamırdı. O, anasına və öz anası tərəfə oxşamış, Şəmun kimi yaşamış və İsa ibn Məryəm kimi səfa-səmimiyyətli, mənəviyyatlı olub xüsusi bir paklığa malik idi. Buna görə də o, dünyapərəst imperator ailəsi ilə qaynayıb-qarışmaq istəmirdi. Əksinə, çox istəyirdi ki, pak və allahpərəst bir ailədə yaşasın. Allah ona kömək etdi və o, möcüzəli bir şəkildə hədəf və istəyinə çatdı. Həzrət Nərgizin (ə) elçiliyi və nikah məclisi Məleykə ailə qurmaq yaşına çatanda babası Rum imperatoru onu qardaşı oğlu ilə evləndirmək istədi. Heç kəs imperatorun fərmanına itaətsizlik edə bilmədiyi üçün imperator özü qardaşı oğlu tərəfindən Məleykəyə elçilik etdi və sonra çox əzəmətli bir nikah məclisi qurdu. O məclisdə üç yüz nəfər seçilmiş ruhani, xaçpərəst keşiş, yeddi yüz nəfər ordu komandiri, zabitlər, dörd min nəfər əşraf, etimadlı və varlı adamlardan iştirak edirdi. Məclis imperatorun əz`əmətli sarayında təşkil olundu. Sarayın xüsusi yerində əqiq, yaqut, qızıl, gümüş və müxtəlif ləl-cəvahirlərlə bəzədilmiş böyük bir taxt qoydular. İmperatorun qardaşı oğlu o taxtın üstündə oturdu. Nikah mərasiminin tədarükü görüldü. Qapıçı və xidmətçilərin hər biri xüsusi xidmət paltarlarıyla öz yerlərində durdular. Sarayın ətrafındakı qırx çıraq və digər çilçıraqlar məclisə xüsusi gözəllik verirdi. Zəng çalındı. Tanınmış məsihi ruhaniləri əllərində müqəddəs İncili açıb bir neçə ayə oxumaq istəyəndə zəlzələ baş verdi. Saray titrədi. Hər kəs taxtın üstündə oturmuşdusa, yerə yıxıldı. İmperatorun özü və qardaşı oğlu da taxtdan yerə yıxıldılar. Orada olanları qorxu və titrəmə bürüdü. Böyük keşişlərdən biri imperatorun hüzuruna gəlib ərz etdi: "Bu təəccüblü hadisə Allahın qəzəb və bəlasının nişanəsi, mərasimin sona yetməsinin əlamətidir. Bizi mürəxxəs etsəydiniz, gedərdik”. İmperator məclisin xətm olmasını elan etdi və hamı dağılışdı. Sonra o əmr etdi ki, yerə düşmüş çırağı, qəndili, taxtı və digər əşyaların hamısını öz yerində qoysunlar. İmperator bu dəfə Məleykəni digər qardaşı oğlu ilə evləndirmək qərarına gəldi və öz-özünə belə düşündü: "Bu zəlzələ hadisəsi ona görə baş verdi ki, Məleykə birinci qardaşım oğlu ilə deyil, ikinci qardaşım oğlu ilə evlənsin”. Məclisi keçirmək üçün sarayı ötən dəfəki kimi bəzədilər. Qapıçılar və xidmətçilər özlərinə məxsus yerdə durdular. Taxtı da öz yerində qoydular. Möhtərəm məsihi ruhaniləri xüsusi paltarlarda, əllərində şamdanlar taxtın kənarında durdular. İkinci qardaşı oğlu da özünə məxsus taxtda oturdu. Nikah mərasimi başlandı. Keşişlər nikahı oxumaq istəyəndə yenə də zəlzələ baş verdi. Bütün məclisdəkilər pərişan oldular, rəngləri qaçdı və məclis bir-birinə dəydi, taxtlar çevrildi. İmperator və ikinci qardaşı oğlu da taxtdan yerə yıxıldılar. Hamı dəhşətli halda sarayı tərk edərək öz evinə getdi. İmperator qəm-qüssə və fikirə qərq oldu. O, bir an da olsun belə, bu iki təəccüblü hadisəni unuda bilmirdi. Nərgizin (ə) maraqlı yuxusu Məleykə, pak təbiətli bir qız olduğu üçün, o cür adamlarla evlənməyə razı deyildi. Onun arzusu allahpərəstlik, mənəviyyat və səfa-səmimiyyətlə dolu olan evə getmək idi. Amma baş vermiş bu iki hadisə, onu da fikirə qərq etmişdi. O, öz-özünə deyirdi: "Mənim axırım necə olacaq? Axırda hara gedəcəyəm? Pərvərdigara, mənə kömək ol və mənə nicat ver”. O, daim fikirli və qəmgin olardı. Bir gecə yuxu aləmində gördü ki, cəddi Şəmun Həzrət Məsihlə (ə) və Həzrət Məsihin (ə) ən yaxın sirdaşlarıyla birgə saraya daxil oldular. Yuxu aləmində Məleykəyə deyildi: "Saraya daxil olan bu adamlar İslam Peyğəmbəri (s), imam Əli (ə), imam Həsən (ə), imam Huseyn (ə), imam Səccad (ə), imam Baqir (ə), imam Sadiq (ə), imam Kazım (ə), imam Rza (ə), imam Cavad (ə), imam Hadi (ə) və imam Həsən Əsgəridir (ə)”. İslam Peyğəmbəri (s) Həzrət Məsihə (ə) dedi: "Biz bura Məleykəni Şəmundan oğlum Həsən Əsgəriyə (ə) almaq üçün gəlmişik”. Həzrət Məsih (ə) Şəmuna dedi: "Bəh-bəh! Səadət sənə üz gətirib. Özünü Muhəmmədin (s) ailəsi ilə qohum et”. Şəmun bu təklifdən çox sevindi. Sonra Həzrət Muhəmməd (s) minbərə qalxdı, nikah xütbəsini oxudu və Məleykə ilə imam Həsən Əsgərinin (ə) kəbinlərini kəsdi. Sonra Həzrət Məsihin (ə) yaxın sirdaşları bu nikaha şəhadət verdilər (yəni şahid olduqlarını bildirdilər). Yuxu aləmində İslamı qəbul etməsi Məleykə deyir: "Yuxudan oyandım. Ancaq mənə təhlükə yaranmaması üçün yuxumu heç kimə, hətta cəddim (babam) Rum imperatoruna belə demədim. Lakin gecə-gündüz bu maraqlı yuxu barəsində fikirləşirdim və öz-özümə deyirdim: "Mən buradayam. İmam Həsən Əsgəri (ə) isə buradan çox uzaq bir şəhərdədir. Onun evinə necə gedib çıxa bilərəm? İmam Həsən Əsgərinin (ə) məhəbbəti tamam qəlbimi bürümüşdü. Yalnız onun barəsində fikirləşirdim. Axırda xəstələnib yatağa düşdüm. Mənim müalicəm üçün bütün Rum həkimlərini gətirdilər. Ancaq onların müalicəsi nəticəsiz qaldı. Çünki mənim xəstəliyim cismi xəstəlik deyildi. Bir gün atam məndən naümid olub dedi: "Sənin bir arzun varmı ki, onu yerinə yetirim? Ona dedim: "Arzum budur ki, döyüşdə əsir düşmüş müsəlmanlara çətinlik yaratmayasınız, onlara işgəncə verməyəsiniz. Bəlkə, bu yaxşı işə görə Allah mənim halımı yaxşılaşdıra, sağlamlığımı mənə qaytara, Həzrət Məsih (ə) və anası Məryəm (ə) bu yaxşı işə görə mənə lütf və mərhəmət edələr”. Atam mənim istəyimi yerinə yetirdi. Müsəlman əsirlərinin bəzisini azad etdi, bəzilərinin də cəzasını və işgəncələrini bağışladı. Mən çox sevindim. O gündən sonra mənim halım günbə-gün yaxşılaşmağa başladı. Bunu görən atam müsəlman əsirlərindən çoxunun ürəyini ələ aldı, onları razı saldı və bağışladı. Bu hadisədən on dörd gecə ötdü. Bir gecə yatdım və yuxuda gördüm ki, dünya və axirətin əziz və möhtərəm xanımı Fatimeyi-Zəhra (ə) ilə Həzrət Məryəm (ə) bir neçə digər qadınla mənim yanıma gəldilər. Həzrət Məryəm (ə) mənə dedi ki, bu xanım sənin ərinin anasıdır. İxtiyarsız həyat yoldaşım imam Həsən Əsgərini (ə) xatırladım. Ürəyim üzüldü və Fatimeyi-Zəhraya (ə) ərz etdim ki, imam Həsən Əsgəridən (ə) gileyliyəm. Mənə baş çəkmir. Daha ağlamaq mənə aman vermədi, zar-zar ağladım. Həzrət Fatimə (s.ə) buyurdu: "Nə qədər ki, sən xaçpərəstsən, oğlum sənin sorağına gəlməyəcək. Əgər Allah və Həzrət Məsihin (ə) səndən razı qalmasını istəyirsənsə, İslam dinini qəbul et, gözlərin imam Həsən Əsgərinin (ə) camalını görməklə aydınlaşsın”. Mən dedim: "Ey möhtərəm xanım! Bütün vücudumla İslamı qəbul etməyə hazıram”. Həzrət (ə) buyurdu: "De, əşhədu ənla ilahə illəllahu və əşhədu ənnə Muhəmmədən (s) rəsuləllah”. Mən dedim: "Allahın birliyinə və Həzrət Muhəmmədin (s) peyğəmbərliyinə şəhadət verirəm”. Bu zaman Fatimeyi-Zəhra (ə) məni məhəbbətlə bağrına basıb nəvaziş etdi və buyurdu: "Sevin! Sənə müjdə verirəm ki, bundan sonra imam Həsən Əsgəri (ə) görüşünə gələcək və sən onun ziyarətinə müvəffəq olacaqsan!” Yuxudan oyandım. Çox sevindim. Daim Allahın birliyinə və Muhəmmədin (s) peyğəmbərliyinə şəhadəti dilimə gətirirdim. İmam Həsən Əsgərinin (ə) intizarında idim. Hər gecə həmin fikir və düşüncəylə yatırdım. Bir gecə yuxuda gördüm ki, imam Həsən Əsgəri (ə) görüşümə gəlib. Onunla görüşdən çox sevindim. Gileyləndim ki, niyə mənim görüşümə gəlmirdin? Mənim qəlbim sənin məhəbbətində qərq olmuşdu. O buyurdu: "Ayrılığa səbəb bu idi ki, sən İslam dinində deyildin. Bundan sonra Allah səni zahirdə mənim həyat yoldaşım edənə kimi görüşünə gələcəyəm”. Yuxudan oyandım. Hər gecə o böyük insanı yuxuda görərdim. Bundan sonra halım yaxşılığa doğru gedirdi. Allahın mərhəməti ilə öz sağlamlığımı yenidən əldə etdim. Rumlularla müsəlmanların döyüşü Məleykə arzu edirdi ki, bir gün Rum imperatoru ailəsindən uzaqlaşsın, bu ailənin dünyapərəstlik mühitindən nicat tapsın və imam Həsən Əsgərinin (ə) evində xidmət və iftixar səadətinə nail olsun. Bu zaman rumlularla müsəlmanlar arasında uzun müddətli müharibə davam edirdi. Bu müharibələrdə bəzən müsəlmanlar qalib gəlirdilər, bəzən də rumlular. Təbiidir ki, müharibədə insanlar əsir alınıb, əsarətə düşərdilər. Bu uzun müddətli döyüşlərdə bəzən müsəlmanlar rumlulara əsir düşər, bəzən də əksinə, rumlular müsəlmanlara əsir olardılar. O zaman adət-ənənə belə idi ki, əsirləri kəniz və qul kimi satar, ya da öz əsirləri ilə dəyişərdilər. Səfərlərin birində, Məleykə bir neçə qadınla imperatorla birlikdə olan zaman İslam ordusuyla rastlaşdılar. Rumlularla İslam ordusu arasında toqquşma baş verdi. Bu savaşda müsəlmanlar qalib gəldilər. Qadınların bir hissəsi, o cümlədən Məleykə müsəlmanlara əsir oldular. Əsirləri gəmilərlə Dəclə çayı ilə satmaq üçün Bağdada gətirdilər. Alverçilərdən biri, Əmr ibn Yəzid adlı tanınmış qul alverçisi idi. İmam Hadinin (ə) təyin etdiyi nümayəndəBir gün imam Həsən Əsgərinin (ə) əziz və möhtərəm atası imam Hadi (ə) Samirra şəhərində təcrübəli qul alverçisi olan dostu Buşr ibn Süleymanla görüşərək, ona altında öz imzası olan və rum dilində yazılmış bir məktub verdi. Həmçinin, ayrıca bir pul kisəsi də verərək buyurdu: "İstəyirəm Bağdada gedib, bu pul kisəsi ilə bir kənizi alıb bura gətirəsən”. Buşr ibn Süleyman dedi: "Çox yaxşı. Hər nə əmr etsəniz, itaət edərəm”. İmam Hadi (ə) buyurdu: "İndi isə eşit, izah edim necə alacaqsan. Filan gün buradan Bağdada tərəf hərəkət edərsən. Çalış ki, filan gün dan yeri sökülməmişdən qabaq Bağdadın tanınmış çay körpüsünün yanına yetişəsən. Ora çatanda görəcəksən ki, bir neçə gəmi öz yükünü boşaltmaq üçün çayın kənarına gəlirlər. Bu zaman əsir düşmüş qadınların gəmidən düşürülüb, kəniz kimi satışa qoyulduğunu görəcəksən. Müştərilər gəlib kənizləri alıb özləri ilə aparacaqlar. Diqqət et. Görəcəksən ki, gəmilərdən birində Əmr ibn Yezid bir qızı satır. Qul alverçiləri kənizləri alıcılara göstərəcəklər. Amma o qız özünü göstərməyə icazə verməyəcək. Öz hicab və iffətini qoruyacaq. O, iki ipək paltar geyinmiş olacaq və çiynində dəridən qiymətli bir paltarı vardır. Qul alanlar onu görüb almaq üçün israr edərlər. O, narahat olub rumca deyər: "Amandır, hicabım əldən getməsin!” Alıcılardan biri deyər: "Mən bu kənizi üç yüz dinara alıram”. Qız ona cavab verər: "Süleymanın mülkü qədərincə var-dövlətin olsa belə, sənin kənizin olmağa razı deyiləm”. Əmr ibn Yezid o qıza deyər: "Çarə yoxdur, gərək səni satam”. O deyər: "Tələsmə! Mən istədiyim müştəri tapılacaq. Gərək müamilə iki tərəfin razılığı ilə olsun”. Bu zaman Əmr ibn Yezidin yanına get. De ki, bu qadın üçün rum dilində yazılmış bir məktub var. Bu məktubu o qadına ver oxusun. Əgər razı olsa, onu nişanə və əlamətləri bu məktubda yazılmış şəxs üçün alacağam. Məktubu ona verəndə o, razı olacaq. Bu zaman onu al və buraya gətir”. Məleykə bir neçə qadınla birlikdə əsir olanda, onu heç kəsin tanınması üçün özünü Nərgiz adlandırırdı (onu ərəbcə tələffüzü Nərcisdir). Buşr ibn Süleyman imam Hadinin (ə) tapşırığı əsasında müəyyən olunmuş gün Bağdada gələrək səhər tezdən çaydakı körpünün yanına getdi. O, burada gəmilərin körpüyə çatdığını və kənizlərin satışa qoyulduğunu gördü. Bu zaman imam Hadinin (ə) buyurduğu xüsusiyyətlərə malik olan kənizi gördü. Müştərilər onu almaqda israr etsələr də o, onların kənizi olmağa meyilli deyildi. Buşr qabağa gəldi və satıcının icazəsi ilə imam Hadinin (ə) məktubunu Nərgizə verdi. Nərgiz o məktubu oxuyanda ixtiyarsız əhvalı dəyişdi və gözləri yaşardı. Sevincindən qəhər boğazını tutduğu halda sahibi Əmr ibn Yezidə dedi: "Məni bu məktubun sahibinə sat”. O, israr və təkidlə hökmən məktub sahibinə satılmasını tələb etdi. Əmr ibn Yezid qiymət barəsində Buşr ibn Süleymanla söhbət etdi. O, İmam Hadinin (ə) göndərdiyi kisədəki həmin miqdar pulla razılaşdı. Buşr deyir: "Pul kisəsini verib kənizi aldım və onunla birlikdə oradan çıxıb yola düşdük. O, tez-tez məktubu çıxardıb öpür və gözlərinə sürtürdü. Mən təəccüblənib dedim: "Sən ki, məktub sahibini tanımırsan, niyə məktubu bu qədər öpürsən?” O dedi: "Sənin mərifət və agahlığın azdır. Əgər Peyğəmbəri (s) və onun canişinlərini tanısaydın, belə deməzdin?” Sonra öz əhvalatını əvvəldən axıra kimi mənim üçün danışdı. Mən Həzrət Nərgizin (ə) ali məqamlı və düşüncəli olduğunu, mənəvi şəxsiyyətini və paklığını anladım. Bundan sonra ona çox ehtiram etdim. İmam Hadi (ə) ona: "Xoş gəldin” – dedi və əhvalını soruşdu. Sonra bacısı Həkimə Xatuna bu barədə xəbər verdi və ona buyurdu: "Bu, intizarında olduğun o möhtərəm qadındır”. Həkimə onu bağrına basdı, xoş gəldin və təbrik dedi. İmam Hadi (ə) ona buyurdu: "İslamın izzətini, xristianlığın zillətini necə gördün?” O ərz etdi: "Sizin məndən daha yaxşı bildiyiniz şeyi mən necə deyə bilərəm”. Sonra imam Hadi (ə) bacısı Həkiməyə buyurdu: "Onu evə apar və İslam dininin hökmlərini ona öyrət. O, oğlum Həsənin həyat yoldaşı və Ali Muhəmmədin (s) Məhdisinin (ə) anası olacaq”. İmam Hadinin (ə) Nərgizə (ə) müjdəsi İmam Hadi (ə) üzünü Nərgizə tutaraq dedi: "Müjdə olsun sənə, dünya zülmə qərq olduqdan sonra onu başdan-başa ədalət dolu hökümət nuru ilə dolduracaq bir övlada!” Bəli, belə pak və ağıllı bir qız, şahların çirkin həyat tərzi ilə dolu sarayından xilas olaraq, anasının cəddi (ulu babası) Şəmunun yolunu getdi və həmin müqəddəs əqidə və hədəfi davam etdirdi. Allah da ona bu işdə yardım etdi. Sonra o, imam Həsən Əsgərinin (ə) həyat yoldaşı və Həzrət imam Zamanın (ə) anası olmaq ləyaqət və iftixarına nail oldu. İmam Hadinin (ə) bacısı onu Seyidə (xanım) kimi çağırardı. Bu xoş səadətli qadın hicri 261-ci ildə, bəzi rəvayətlərə əsasən imam Həsən Əsgəridən (ə) əvvəl dünyadan getdi. Onun qəbri Samirra şəhərində imam Həsən Əsgərinin (ə) məzarının yanındadır. ("Bihar”, c.51, səh.6-10; "Rəyahinuş-şəriət”, c.3, səh.24-32) Bu qadının istedad və ləyaqəti onun şəxsiyyətini elə bir məqama çatdırdı ki, bəşəriyyət aləmində nicat verən Ali Muhəmmədin (s) Qaimi (ə) onun təlim-tərbiyəsi ilə böyüdü.//abna.ir//
|