İmam Həsən Əsgəri (ə) buyurur: Musa ibn İmran Allahdan soruşdu: -Allahım, mənim sənin elçin və peyğəmbərin olmağıma və Səninlə danışmağıma şəhadət verənin əvəzi nədir? Allah: -Mələklərim ona sarı gələcək və onu cənnətlə müjdələyəcək. Musa: -Həmişə Sənin önündə dayanıb namaz qılan bəndənin əvəzi nədir? Allah: -Onun ruku, qiyam və səcdələrinə görə mələklərim önündə fəxr edərəm. Fəxr etdiyim bir şəxsi isə cəzalandırmaram. Musa: -Sənin razılığını qazanmaq məqsədi ilə bir kimsəsizi doyuzduranın əvəzi nədir? Allah: -Bütün kainatın fövqündə Carçının belə səslənməsinə göstəriş verərəm: "Filankəsin oğlu filankəs Cəhənnəm atəşindən qurtulanlardandır!” Musa: -Qohumluq əlaqələrini qoruyub saxlayanın (siləyi-rəhm edənin) əvəzi nədir? Allah: -Ölümünü yubadaram, canvermə anını asanlaşdıraram. Cənnət xəzinədarları onu "Bizə sarı gəl, istədiyin qapıdan cənnətə daxil ol”, deyə səsləyəcəklər. Musa: -Camaata pislik etməyən, yalnız xeyir işlər görən şəxsin əvəzi nədir? Allah: -Qiyamət günü atəş ona səslənəcək: "Sənin mənə girişin qadağandır”. Musa: -Səni qəlbi və dili ilə xatırlayan şəxsin əvəzi nədir? Allah: -Ey Musa, Qiyamətdə onu ərşimin kölgəsində saxlayıb öz himayəmə götürərəm. Musa: -Gizlin və aşkar, dərin mənalı ayələrini qiraət edən şəxsin əvəzi nədir? Allah: -Ey Musa, o, siratdan ildırım surəti ilə keçəcək. Musa: -Sənin razılığını əldə etmək qəsdi ilə başqalarının azab-əziyyətinə dözən kimsənin əvəzi nədir? Allah: -Qiyamətin qorxulu anlarında ona yardımçı olaram. Musa: -Sənin qorxundan göz yaşı axıdanın əvəzi nədir? Allah: -Üzünü qızmar cəhənnəm atəşindən qoruyaram, onu Fəze`-əkbər (Qiyamətin adlarından biri) günündə amanda saxlayaram. Musa: -Səndən utanıb xəyanət etməyənin əvəzi nədir? Allah: -O, Qiyamət günü amanda qalacaq. Musa: -İtaət əhlinə qayğıkeşlik edənin əvəzi nədir? Allah: -Cəhənnəm odunu ona haram edərəm. Musa: -Mömin bəndəni bilərəkdən qətlə yetirən şəxsin cəzası nədir? Allah: -Qiyamət günü ona şəfqət gözü ilə baxmaz, günahlarını bağışlamaram. Musa: -Kafiri İslama dəvət edən şəxsin əvəzi nədir? Allah: -Ona istədiyi şəxsə şəfaət etmək (bağışlatmaq) ixtiyarı verərəm. Musa: -Namazlarını ilk vaxtda qılan şıxsin əvəzi nədir? Allah: -Bütün istəklərini həyata keçirər, Cənnəti ona halal edərəm. Musa: -Sənin razılığını əldə etmək məqsədi ilə dəstəmaz alan kimsənin əvəzi nədir? Allah: -Onu Qiyamət günü iki gözləri arasından nur parlayan halda səhnəyə gətirərəm. Musa: -Sənin razılığını qazanmaq məqsədi ilə ramazan ayının orucunu tutan şəxsin əvəzi nədir? Allah: -Onu Qiyamətdə əmin-amanlıqda saxlayaram./haqqyolu/
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!