Ən təhlükəli ruhi xəstəliklərdən biri də bədbinlikdir. Ona tutulmuş hər bir kəsin qarşısında çətin dərdlər, narahatlıqlar və əziyyətlər ola bilər. Bu xəstəlik bəzən o qədər güclənir ki, ona düçar olan adam hər şeyə fikir verir və hər şey haqqında fikirləşir. Çalışır ki, hər şeydə eyb tapsın və onun yaxşlıqlarını yaddan çıxartsın. Bu mövzu o qədər mühümdür ki, Allah Təala mübarək "Hücərat” surəsinin 12-ci ayəsində buyurur: "Ey iman gətirənlər! Bir çox gümanlardan çəkinin! Çünki gümanların bəzisi günahdır”. Əmirəl-möminin (ə) buyurur: "Sui-zənn (pis gümanlar) dinin və imanın bəlasıdır”. Hər bir halda sui-zənn və bədbinliyə səbəb olan amilləri tanısaq, bu əxlaqi xəstəliklərin qarşısını ala bilərik. Ailə və cəmiyyətimizi xilas edə bilərik. 1. Zəiflik və qorxu. O kəslər ki, zəif təbiətə malikdirlər, fikri iztiraba və vəsvəsəyə düçar olarlar. Çünki həqiqətləri düzgün dərk edə bilmirlər ki, ruhi rahatlığa çatsınlar. Ona görə də onlar hamı və hər şeydən şübhələnir, sui-zənn edir və bədbin olurlar. Ancaq çalışmaq lazımdır ki, özümüzə inamımız güclü olsun. 2. Alçaqlıq və rəzalət. Bəzən insan daxili, fikri və ruhi çirkinliyinə görə hamıya və hər şeyə qarşı bədbin olur. Əslində isə sui-zənn özünün alçaqlığı və çirkinkiyinə görədir. Belə ki, Əmirəl-möminin (ə) buyurur: "Çirkin iş görənlər başqaları haqda yaxşı fikirdə olmazlar. Çünki onlar, hər bir kəsi özü ilə müqayisə edər və özünə bənzədərlər”. 3. İmanın zəifliyi. Təbiidir ki, müsəlmana töhmət vurmaq və onun haqqında pis danışmaq imanı aradan aparar. Bu əməlin özü həmin şəxsin imansızlığına sübutdur. 4. Qürur və özünə arxalanmaq. İnsanın tutula biləcəyi başqa bir təhlükəli xəstəlik - özünə arxalanmaqdır. Belə ki, danışdıqlarını, istək və rəftarlarını haqq hesab edir. Nəticədə başqalarının nəzərləri, mövqeləri və fikirləri ilə özününkünü müqayisə edəndə onların əməl və danışıqlarını öz dünyagörüşünə görə mühakimə edər. Onunla eyni fikirdə olmayanlara qarşı bədbin olar və sui-zənn edər. 5. Ağlın azlığı. Əmirəl-möminin (ə) buyurur: "İnsanın gümanı - ağlının ölçüsündən asılıdır, Əməlləri, ağlının pak və ya napak olmasına ən yaxşı şahiddir”. 6. Tez nəticə çıxartmaq. Bu hallara tez-tez rast gəlmək olur ki, insan hər tərəfi nəzərə almadan və məsələyə birtərəfli baxaraq, eşitdikləri və ya güman etdiklərinə görə tez nəticə çıxarır, halbuki məsələdən hərtərəfli agah deyildir. Buna görə də başqalarına qarşı sui-zənn edə bilər. 7. Şeytanın vəsvəsəsi. Bədbinlik və sui-zənn elə amillərdir ki, qəlbə şeytanın vəsvəsələri ilə daxil olur. Onun getdiyi yol da şeytanın yoludur. Ona görə də deyə bilərik ki, Allah bəndələrində bu pis amillərin olması, şeytanın vasitəsilədir. 8. Pis insanlarla oturub-durmaq. İmam Muhəmməd Baqir (ə) bu haqda Əmirəl-möminindən (ə) nəql edir: "Pis insanlarla oturub-durmaq və eyni məclisdə olmağın ardınca, yaxşı insanlara qarşı pis gümanlar gələr”. İnsan elə bir varlıqdır ki, hər bir kəslə oturub-durmaq, söhbət etmək, hər bir qrupun əxlaqı, nəzərləri, rəftarları ona təsir qoyur. Ona görə də əgər səbir etsək və bədbinliyi yaradan amilləri tanısaq, ağılla onlar haqqında mühakimə yürütsək - bu amillərin həyatımıza daxil olmasına imkan verməyə bilərik. Əgər bu amillər vardırsa, məşvərət və məsləhət ilə çalışmalıyıq ki, bu əxlaqi rəzilətləri həyatımızdan pak edək. O zaman həyatımız şirin və rahat olar. Hazırladı: Məşhədi Xanım, "Dəyərlər”
|